Təmizlik vasitələri necə istehsal olunur?
Azərsun Kağız Karton İstehsalat Korporasiyasının nəzdində
fəaliyyət göstərən Təmizlik Vasitələri fabrikində jurnalistlər üçün görüş təşkil
edilib. Görüş çərçivəsində, media nümayəndələrinə fabrikin istehsal prosesi ilə
yaxından tanış olmaq imkanı yaradılıb. Eyni zamanda, istehsal olunan markalar və
bu məhsulların keyfiyyət standartları barədə geniş məlumat verilib.
2022-ci ildən fəaliyyətə başlayan müəssisənin çox
qısa müddət ərzində Azərbaycanda təmizlik vasitələri sahəsində aparıcı mövqeyə
yüksəldiyi vurğulanıb. Hazırda fabrikin illik istehsal gücü 22 min ton təşkil
edir və bu məhsullar istehlakçılar tərəfindən yüksək qiymətləndirilir.
Fabrikin müasir texnologiyalarla təchiz olunmuş
istehsal xəttində İtaliya və Türkiyədən gətirilmiş ən qabaqcıl avadanlıqlardan
istifadə olunur. Müəssisənin laboratoriyasında bütün məhsullar keyfiyyət nəzarətindən
keçir. Bu, istehsal olunan məhsulların yüksək standartlara cavab verməsinə və
müştəri məmnuniyyətini təmin etməsinə zəmin yaradır.
Eyni zamanda təmizlik məhsullarının seçilməsində
dayanıqlılıq və ətraf mühitə təsir amillərinə
xüsusi diqqət edilir. Dayanıqlı məhsullar yenidən emal oluna bilən
materiallardan hazırlanır və tərkibində ətraf mühitə zərər verə biləcək kimyəvi
maddələr minimuma endirilir. Ekoloji cəhətdən təmiz məhsullar təbiətə zərər
vermədən parçalanır və su hövzələrini çirkləndirmir. Bu cür məhsullar həm ev təsərrüfatlarında
təhlükəsiz istifadə imkanı yaradır, həm də ekosistemin qorunmasına töhfə verir.
Heyvanlar üzərində test olunmayan bu cür məhsullar həm canlıların, həm də ölkəmizin
rifahını nəzərə alan məsuliyyətli istehlak nümunəsidir.
Təmizlik vasitələri fabrikində Crystalex, Wipelex,
Pure Sense, OxyWhite və Praxi, Biodax kimi geniş çeşiddə məhsullar istehsal
olunur. Bu məhsullar arasında qab yuyucu şampunlar, maye sabunlar, şüşə təmizləyicilər,
ağardıcılar, dezinfektantlar və səth təmizləyiciləri kimi gündəlik həyatımızda
istifadə olunan müxtəlif təmizlik vasitələri mövcuddur. Hər bir məhsulun
formulları, istifadəçinin ehtiyaclarına cavab verəcək şəkildə hazırlanıb və
alıcılar tərəfindən yüksək qiymətləndirilir.
Qeyd edək ki, məhsullar keyfiyyəti, effektivliyi və sərfəli qiymətləri ilə alıcıların diqqətini çəkib və onların etimadını qazanıb.
Görüşdə Təmizlik Vasitələri Fabrikinin sektordakı gələcək
hədəfləri və planları barədə jurnalistlərə məlumat verilib. Fabrik rəhbərliyi,
gələcəkdə daha çox məhsul çeşidi istehsal etməyi və müştəri tələblərinə uyğun
olaraq istehsal gücünü daha da artırmağı planlaşdırdıqlarını bildirib.